Əhali kütləvi şəkildə kredit ödənişindən imtina edir

Azərbaycanda manatın üzən məzənnə rejiminə keçməsindən sonra dolların 50% bahalaşması bank sektorunda şok effekti yaradıb.

dollarla kredit götürən vətəndaşlar banklara zəng edərək kredit ödənişindən imtina edirlər. Ölkədə fəaliyyət göstərən iri banklardan birinin kreditoru redaksiyamıza açıqlamasında bildirib ki, müştərilər kütləvi şəkildə banka zəng edərək etirazlarını bildirirlər.

"Dollarla krediti olanların faktiki olaraq götürdüyü borc 50% bahalaşıb. Onsuz da ödəniş etməkdə çətinlik çəkən vətəndaşlar indi ümumiyyətlə kredit ödəməyəcəklərini deyirlər. Bizə Mərkəzi Bankdan kreditlərin şərtlərinin yüngülləşdirilməsi ilə bağlı hər-hansı tövsiyyə gəlməyib. Biz də hələlik gözləyirik. Çox güman ki, yaxın günlərdə müştərilərimizin dollar kreditinin şərtlərini yüngülləşdirmək barədə qərar qəbul ediləcək", - deyə bank rəsmisi söyləyib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Eyni zamanda, banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək.




Şahin Həbibov
BAKU.WS
22-12-2015, 10:21


Şərhlər :