Sevimli sənətkar Cahangir Novruzovun doğum günüdür

Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, əməkdar incəsənət xadimi, Türkiyənin Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun 61 yaşı tamam olur.

Cahangir Novruzov 1954-cü il iyulun 31-də Bakıda doğulub. Atası Mütəllib Novruzov uzun illər Asəf Zeynallı adına Bakı musiqi məktəbində muğam üzrə dərs deyib. Anası, Azərbaycanın məşhur aktrisası Nəsibə Zeynalovadır.

Cahangir Novruzov 1971-ci ildə orta məktəbi bitirib. Sonra Mirzəağa Əliyev adına incəsənət institutunun rejissorluq fakültəsinə daxil olub və SSRİ xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi sinifdə təhsil alaraq 1976-cı ildə həmin institutu bitirib. Diplom işini Musiqili Komediya teatrının səhnəsində G.Xudayevin “Sevgilimin anası” operettasını hazırlayaraq müdafiə edib. Eyni ildə təyinat alaraq həmin teatrda çalışmağa başlayıb.

1976-1977-ci illərdə əsgəri xidmətdə olub və xidməti bitirdikdən sonra yenə də Musiqili Komediya teatrına dönüb. 1979-cu ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin edilib. Bu teatrın səhnəsində həm də aktyor kimi bir çox rollar oynayıb.

1981-ci ildə isə SSRİ Mədəniyyət Nazirliyinin Mədəniyyət adamlarını təkmilləşdirmə İnstitutunun rəhbər işçilər fakültəsinə qəbul olunub və eyni zamanda da Moskva Malaya Bronnaya teatrında RSFSR-in xalq artisti professor A.Efrosun rəhbərliyi altında staj keçməyə başlayıb. İki il ərzində bir çox əsərlərin quruluşlarında A. Efrosa assistentlik edib. 1983-cü ildə Moskvadakı təhsilini bitirərək Şəki teatrına dönüb.

1984-cü ildə SSRİ xalq artisti professor G.Tovstonoqovun yaradıcı laboratoriyasına qəbul olunub və hər il iki dəfə olmaq üzrə Sankt-Peterburqda 1988-ci ilə qədər çalışmalarda iştirak edib. 1985-ci ildə Şəki teatrına baş rejissor vəzifəsinə təyin olunub. Orada çalışdığı illər ərzində teatrı Kazan, Daşkənd, Səmərqənd, Moskva və Praqa şəhərlərinə qastrol səfərlərinə götürüb.

1986-cı ildə Çexoslovakiyada keçirilən “Çeşskaya Buduyovutsa” gənc teatrlar festivalında jüri heyətinin üzvü kimi iştirak edib. 1987-ci ildə keçmiş Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi Mirzə Fətəli Axundovun 175 illik yubileyinə həsr olunmuş teatr festivalında hazırladığı “Müsyö Jordan və Dərviş Məstəli Şah” əsəri ilə birincilik mükafatını qazanıb. 1988-ci ildə Parisdə keçirilən “Bovinyi” teatr festivalında fəxri jüri heyətinin üzvü kimi iştirak edib. 1989-cu ildə Mədəniyyət nazirliyi tərəfindən Musiqili Komediya teatrına baş rejissor vəzifəsinə təyin olunub.

1990-cı ildə teatrın əsaslı təmir və yeni inşaata başlaması səbəbi ilə Gənc Tamaşaçılar Teatrının rus bölməsinə baş rejissor olaraq təyin olunub. 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi I Mono tamaşalar festivalında Şekspirin “Hamlet” əsərinin motivləri əsasında hazırlanmış “Olum ya ölüm” tamaşası ilə birincilik mükafatı qazanıb.

1995-ci ildə Türkiyə Cumhuriyyətinə Universitetdə dərs demək üçün dəvət olunub. Hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.

Teatr və kino sahəsindəki fəaliyyətinə görə Cahangir Novruzov 2011-ci il iyulun 4-də Azərbaycan prezidentinin sərəncamı ilə mədəniyyət və incəsənət sahəsindəki nailiyyətlərinə görə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

2014-cü ilin aprelində “TÜRKSOY-un 20 illiyi” yubiley medalına layiq görülüb.

Artıq uzun illərdir Türkiyədə yaşayan və qardaş ölkədə fəaliyyət göstərən Cahangir Novruzov evlidir. İki qız atası olan aktyor həm də xoşbəxt babadır.

Sevimli sənətkarımızı doğum günü münasibətilə təbrik edir, uzun ömür və bol uğur arzu edirik!

Aytən Həsənova
31-07-2015, 16:26


Şərhlər :