MÜBARİZ

637
MÜBARİZ

Mübariz İbrahimov – bu ad indi nəinki Azərbaycanda, hətta ölkəmizdən kənarda belə tanınır. 22 yaşında şəhidliyə və ölməzliyə qovuşan gənc Mübarizin adı heç vaxt unudulmayacaq. Bu fakt gecə düşmən üzərinə hücum edərkən, gizlicə addımladığı vətən torpağında doğacaq günəş qədər aydın və parlaqdır!.
2010-cu ilin iyun ayının 19-dan 20-ə keçən gecə hər kəs kimi mən də telekanalların “Düşmən tərəf atəşkəsi pozmuş və cavab atəşi ilə susdurulmuşdur. Nəticədə düşmənin 4 hərbçisi zərərsizləşdirilmiş, Azərbaycan ordusu isə bir gizirini şəhid vermişdir” məlumatını eşitdim. 1994-cü ildən belə xəbərlərə artıq öyrəşdiyimizdənmi, ya nədənsə, bu xəbərə elə də önəm verilmədi. Adiləşmişdi hər şey. Düşmən yenə dinc durmayıb, əsgərlərimiz də onların payını artıqlamasıyla verib, vəssalam!
Həmin gün mən hüquq təhsili üzrə magistratura pilləsində öz müdafiəmi etdim və de-fakto magistr dərəcəsinə layiq görüldüm.
Lakin, mən bilmirdim. Bilmirdim ki, dünən gecə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb – özü də qanla! Mən bilmirdim ki, dünən mən rahatca öz müdafiəmi edəndə, Bakıdan uzaqlarda, Qarabağa yaxınlarda hərbi xidmət zamanı mənə çavuşluq etmiş bir gənc VƏTƏN uğrunda öz qanını axıdaraq düşmənin qanını tökmüşdü...Mən bilmirdim ki, mənim müdafiəm nə qədər elmi olsa da, Mübarizin müdafiəsi yanında bir o qədər cılız görsənirdi...Mən bilmirdim ki, dünən gecə çıxışımı daha da qısa etmək üçün qələmi əlimə alanda, bir gənc həyatında son kəz vida məktubu yazmaq üçün qələmi əlinə alırdı..Mən bilmirdim ki, həmin gənc bir xalqın 20 ildən çox yığılıb qalmış nifrətini özündə gücə,qüvvəyə çevirərək düşməni doğulduğuna peşman etmişdi..
Bir neçə gündən sonra hər şey aydın oldu. Azərbaycan tarixinin ən şanlı və şərəfli gecələrindən biri yaşanmışdı. Hər nə qədər bizim xalqın təfəkküründə gündüz gecəyə görə daha xeyirli sayılsa da, o gecə bizim gecə idi. O gecə bizim üçün gündüz-gecə idi, digər bir iyrənc xalq üçün isə həqiqi gecə idi...
Sonradan mən bildim ki, bu igid – Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov olub! Mən bildim,bildim ki, bu iki il əvvəl Daxili Qoşunların Bakıdakı hərbi hissəsində 300-dən çox əsgəri bir-iki cümlə ilə özünə yaxşı mənada tabe edən Mübariz olub..Bildim ki, bu igid hərbi xidmətini davam etdirmək üçün günlərlə atasından halallıq almaq istəyən Mübariz olub!.. Bildim ki, bu igid cəbhə xəttində gizir kimi qulluq etmək üçün dəfələrlə ərizə ilə komandanlığa müraciət edən Mübariz olub!..Bildim ki, 18 ildir ki, hər səhər yuxudan oyanıb, Azərbaycan əsgərinin onu azad etməsini gözləyən Qarabağ torpağı bu dəfə gecə qəfildən oyanıb...Torpaq rahat nəfəs alıb...Torpaq bu gecəni gündüz qədər sevib, gecəni səhər sanıb...Mübariz üzərində cəsarətlə, lakin, səssizcə gəzdiyi bu torpağı ilk dəfə görmüşdü...Çünki, bu torpaq həmişə o tərəfdə qalmışdı..Gözünü açıb belə görmüşdü...Ancaq,artıq belə deyildi! Torpaq ona gəlməmişdi, o özü torpağa getmişdi..Torpaq üçün torpağa getmişdi Mübariz...
Bildim ki, 1994-cü ildən bu yana cəbhə xəttində Milli Qəhrəman adını alan ilk igidimiz Mübariz olub!..Bildim,bildim də, bilmək azdır,öyrənmək və dərs almaq lazımdır!.
Qədim ellada torpağında vuruşan qəhrəmanlar vətən uğrunda döyüşə gedəndə daima “Biz öləcəyik,adımız qalacaq,sizin adınız isə siz yaşadığınız müddətdə qalacaq” deyərdilər.. Mübariz şəhid oldu! Mübariz yaşayır! Daima yaşayacaq! Bizlər də yaşayırıq,ancaq,zaman keçəcək,daha sonra yaşamayacağıq! Fərq budur! Ölüm ilə ölümsüzlüyə qovuşmağın adı da gərək ki, elə bu olsun!
Babək, Uzun Həsən Şah, Şah İsmayıl, Təhmasib şah, Nadir şah, Cavad xan, Hacı Çələbi Xan, Pənah Əli Xan, Qaçaq Nəbi, Qaçaq Kərəm...Bu xalqın milli qəhrəmanları həmişə olub,ancaq və lakin, xalq həmişə öz tarixinə sonradan, zaman keçdikdən sonra baxmağa başlayıb və sanki buna belə də öyrəşib. Elə bil, ərəbə, farsa, rusa,erməniyə qarşı vuruşan QƏHRƏMANIMIZA həmin an dəyər versəydik dünya tərsinə dönərmiş..Budur tarixi şans! Azərbaycan gənci sıralarından çıxan bir gəncin necə böyük bir qəhrəmanlıq etdiyini nəsildə-nəsilə keçən əhvalatlarla və ya tarix kitabları ilə öyrənmək zorunda deyil, özü görmək,eşitmək şansına malikdir! Qəhrəmanımız var! Öyrənək! Dərs alaq!..

Mənbə: Camal Əfşar
17-10-2014, 23:44


Şərhlər :