Avtobus və taksilər ilə bağlı – YENİ STANDART

Standartın müddəaları icbaridir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS 425-2015 “Sərnişin stansiya qurğuları və avtomobilləri” dövlət standartı təsdiq edilib.

Komitədən qeyd edilib ki, bu standart sərnişin stansiyası qurğularına, avtobus dayanacaq məntəqələrinə, taksi minik avtomobillərinin dayanacaqlarına, müntəzəm sərnişin daşımalarında istismar edilən avtobuslara və taksi minik avtomobillərinə şamil edilir, həmçinin onların fərqləndirici nişanlarının, lövhələrinin və digər informasiya tərtibatlarının, məlumatlarının qeydə alınması üçün əsas tələbləri müəyyənləşdirir.

Standarta əsasən sərnişin stansiya qurğularının binalarının ön tərəfində və ya damında “Avtovağzal”, “Avtostansiya” və onun adını əks etdirən yazı və binanın girəcəyində təşkilatın adı, mənsubiyyəti, iş rejimi olan lövhə quraşdırılmalıdır.

Lövhələrdə avtobusun yola düşmə və gəlmə cədvəli, gediş haqqı (tarifləri), növbədənkənar bilet almaq hüququ olan vətəndaşların kateqoriyalarının siyahısı, xidmət qaydaları barədə məlumat, yanğın və ya başqa təbii fəlakət olduğu halda insanların binadan təxliyyə olunması sxemi və s. məlumatlar olmalıdır.

Avtovağzalların və avtostansiyaların minik meydançaları ərazisində sərnişinlərin minmə və düşməsini, platformaların sayını və marşrutların son nöqtəsini göstərən lövhələr də quraşdırılmalıdır.

Standartda avtobus və taksi dayanacaqlarının tərtibatı da öz əksini tapıb:

“Belə ki, avtobus və taksi dayanacaqları sərnişinlər üçün informasiya məzmunlu xüsusi dayanacaq lövhələrinin təyinatından asılı olaraq müvafiq xüsusi yol nişanları ilə təchiz olunmalıdır. “Avtobus dayanacağı” lövhəsində dayanacağın adı və ya nömrəsi, marşrutun nömrəsi, son təyinat məntəqəsi, hərəkət intervalı, marşrut üzrə birinci və sonuncu reyslərin vaxtı və s. göstərilməlidir.

Avtobusların və taksi minik avtomobillərinin xarici tərtibatı da standartda əks olunub.

Standarta əsasən, avtobusların banının yan hissəsinin üzərində daşıyıcısının tam adı, yerləşdiyi yer, lisenziyanın nömrəsi və onun fəaliyyət müddəti göstərilməlidir. Müntəzəm marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən avtobuslar marşrut lövhəsi ilə təchiz olununmalıdır və marşrut lövhəsində marşrutun nömrəsi, başlanğıc, son və əsas aralıq dayanacaq məntəqələrinin adı göstərilməlidir”.

Standarta əsasən taksilərin üzərində müəyyən tanınma nişanları quraşdırılmalıdır:

“Такsi minik avtomobilinin damında isə “Taksi” tanınma nişanı olan müvafiq fənər, hər iki tərəfdən qabaq və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş, dördbucaqlardan ibarət kompozisiyalı fərqləndirici nişan olmalıdır. Hüquqi şəxslərin, habelə iki və daha artıq minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirən fiziki şəxslərin daşımalarda istifadə etdiyi taksi minik avtomobilləri sarı, ağ və ya bənövşəyi, fərqləndirici nişanları isə qara-sarı və ya qara-ağ rəngdə olmalıdır.

Məlumat üçün bildirək ki, əvvəlki standartda taksi-minik avtomobillərinin Bakı şəhərində bənövşəyi, Sumqayıt şəhərində ağ, Gəncə şəhərində boz, digər şəhər və rayonlarda bej, şəhərlərarası daşımalarda istifadə olunan taksi minik avtomobillərinin albalı rəngdə olmalı tələbi standartdan çıxarılıb”.

Komitədən onu da bildiriblər ki, yeni standarta əsasən ölkədə istismar edilən taksi minik avtomobilləri nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış ili 15 ildən artıq olmayan avtomobillər olmalıdır. 5 il öncəki standartda qeyd edilən - Bakı şəhərində istismar edilən taksilər sırf taksi xidməti göstərmək üçün nəzərdə tutulan sərnişin tutumu 5 nəfər olan avtomobillər olmalı, həmçinin mühərriklərinin həcmi 2500 kub sm.dən az olmamalı və AVRO 3 və ya AVRO 4 standartlarına cavab verməlidir – tələbləri də sənəddən çıxarılıb.

Avtobusların və taksi minik avtomobillərinin iç tərtibatı da standartda qeyd olunub:

“Belə ki, avtobusların içində avtonəqliyyat vasitəsinin və daşıyıcının adı, sürücünün adı, atasının adı və soyadı, tibb qutusunun yeri, şəhərin marşrut şəbəkəsinin sxemi və s. məlumatlar olmalıdır.

Taksi-minik avtomobilində isə sərnişin üçün ön oturacağın cihaz panelində yaxşı oxuna biləcək şəkildə sürücünün soyadı, adı, fotoşəkli və daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı, telefon nömrəsi göstərilən məlumat lövhəsi olmalıdır. Taksi minik avtomobilləri taksometr aparatı ilə təchiz olunmalıdır. Yeni standarta əsasən GPS monitorinq mərkəzinin GPS aparatının quraşdırılması məcburi deyil”.

Onu da əlavə edək ki, standartın müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada verilən xüsusi razılığa (lisensiyaya) əsasən sərnişin avtonəqliyyat vasitələri ilə daşımaları həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar üçün icbaridir.

Qeyd edək ki, Standart Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün təqdim edilib.
2-11-2015, 20:08


Şərhlər :