“Formula-1”in Bakı loqosu təqdim olundu

Loqotip dünyada məşhur “Brandia” brend agentliyi tərəfindən hazırlanıb.

Azərbaycanda ilk dəfə gələn il təşkil olunacaq “Formula-1” Avropa Qran-prisinin keçiriləcəyi Bakı Şəhər Halqasının (Baku City Circuit) loqosu ictimaiyyətə təqdim edilib.

WebPark.az AZƏRTAC-a istinadən xəbər verir ki, loqotip dünyada məşhur “Brandia” brend agentliyi tərəfindən, əsas qayəsi başlıca olaraq dörd elementdən ilham alınaraq hazırlanıb.

Həmin elementlərdən birincisi, yarış üçün mükəmməl düşünülmüş Bakı Şəhər Halqasının təcəssümüdür. Bakı Şəhər Halqası İçərişəhərin qala divarları ətrafında tam yeni bir macəranın enişli-yoxuşlu dar keçidləri ilə yanaşı, sahilboyu müasir göydələnlərə və Xəzər dənizinə ecazkar mənzərənin açıldığı geniş sürət zolağını özündə birləşdirən nadir trek kimi nəzərdə tutulub.

Müxtəlif çətinlikli 20 döngəsi, dar keçidləri və ən maraqlısı sahil boyunca 340 kilometr-saat sürətlə hərəkət etmək imkanı verən 2,2 kilometr uzunluğunda olan hissə ilə Bakı Şəhər Halqası cari “Formula-1” təqvimində ən sürətli şəhər treki fenomeninə imza atacaq. Oturacaqlar və ayaqüstü tribunalarla birlikdə ümumilikdə 30 min tamaşaçı tutumuna malik bu idman məkanı yarış zamanı 500 milyondan çox televiziya izləyicisinin diqqət mərkəzində olacaq.

İkinci element kimi, unikal motoidman mədəniyyətinin yeni brendin fəlsəfəsində təzahürü diqqəti cəlb edir. Belə ki, sürət, zənginlik, innovasiya ilə yanaşı, çoxillik ənənəni təcəssüm etdirən “Formula-1” motoidman yarışı loqoda parlaq şəkildə öz ifadəsini tapıb.

Bundan əlavə, yeni loqonun modern üslubda seçilmiş tərzi və qırmızı, gümüşü, ağ rəngləri dünya səviyyəsində yarışların sadiq azarkeş kütləsinə və potensial gənc avtomobilsevərlərə ünvanlanıb. Bənövşəyi rəng isə Bakı Şəhər Halqasını digər Qran-prilərdən fərqləndirən vacib amillərdən biri olacaq.

Nəhayət, keçmişlə müasirliyin, Qərb ilə Şərq sivilizasiyalarının birləşdiyi paytaxt Bakının tarixi irsi, keçdiyi sürətli inkişaf yolu, qonaqpərvərlik ənənəsi və müasir biznes imkanları şəhər treki brendinin ana xəttində yer alıb. Loqonun konsepti Azərbaycan milli xalçaçılığında qədim dövrlərdən bugünədək əks olunan alov, su və külək naxışlarının vəhdətindən qaynaqlanıb.

Gələn ilin yayında Bakı Şəhər Halqasında keçiriləcək Avropa Qran-prisinin loqosu isə bu ilin dekabrında yekun “Formula-1” təqvimi açıqlandıqdan sonra təqdim ediləcək.
30-10-2015, 19:39


Şərhlər :